Qeyri-maddi mədəni irs
Qeyri-maddi mədəni irs (ing. intangible cultural heritage (ICH)) — YUNESKO-nun Ümumdünya irsi layihəsinə bənzər, lakin mədəniyyətin qeyri-maddi sahələrini əsas tutan konsepsiya. YUNESKO-nun 2003-cü il sentyabrın 29-dan oktyabrın 17-dək Parisdə keçirilən 32-ci sessiyasında qəbul edilmiş “Qeyri-maddi mədəni irsin qorunması haqqında” Konvensiya ilə tənzimlənir.
Qeyri-maddi mədəni irs anlayışı son illərdə geniş istifadə olunur. Bu anlayış əsasən mənəvi mədəniyyəti özündə cəmləşdirir. YUNESKO-nun 2003 – cü ilin 17 oktyabrında qəbul etmiş “Qeyri-maddi mədəni irsin qorunması haqqında” Konvensiyada Qeyri-maddi mədəni irsin tərifi, Qeyri-maddi mədəni irs siyahısının tərtib edilmə qaydaları, bu siyahıya daxil edilmə qaydaları öz əksini tapmışdır.
Bu Konvensiyanın qəbulunu şərtləndirən əsas amillər:
- qeyri-maddi mədəni irslə maddi mədəni və təbii irs arasındakı sıx qarşılıqlı asılılıq;
- qloballaşma və sosial dəyişiklik proseslərinin icmalar arasında dialoqun təzələnməsinə şərait yaratması ilə yanaşı, həm də dözümsüzlük təzahürlərinə yol açdığını, xüsusilə də qeyri-maddi mədəni irsin qorunması üçün vəsaitin çatışmamazlığı nəticəsində bu irsin deqradasiyaya uğraması, yox olması və dağıdılması üçün ciddi təhlükə mənbəyinin olması;
- bəşəriyyətin qeyri-maddi mədəni irsinin qorunmasının təmin edilməsinə hamılıqla can atması və bununla əlaqədar yaşanan ümumi narahatlıq;
- icmaların, xüsusilə də yerli icmaların, qrupların və bəzi hallarda ayrı-ayrı şəxslərin qeyri-maddi mədəni irsin yaradılması, mühafizəsi, qorunub saxlanması və yenidən bərpasında mühüm rol oynaması;
- YUNESKO-nun mədəni irsin mühafizəsinə yönəldilən normativ aktların, xüsusilə də 1972-ci il Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında Konvensiyanın işlənib hazırlanması ilə bağlı fəaliyyətin böyük əhəmiyyəti;
- hal-hazırda qeyri-maddi mədəni irsin qorunması ilə bağlı məcburi qüvvəyə malik heç bir çoxtərəfli hüquqi aktın mövcud olmaması;
- mədəni və təbii irslə bağlı qüvvədə olan beynəlxalq saziş, tövsiyə və qətnamələrin qeyri-maddi mədəni irsə dair yeni müddəalar vasitəsilə səmərəli şəkildə zənginləşməyə və əlavələr edilməyə ehtiyacın olması;
- qeyri-maddi mədəni irsin və onun qorunmasının əhəmiyyətinin xüsusilə də gənc nəsillər arasında daha dərindən qavranılmasının zəruriliyi;
“Qeyri-maddi mədəni irsin qorunması haqqında” Konvensiyanın məqsədləri aşağıdakılardır:
(a) qeyri-maddi mədəni irsin qorunması;
(b) aidiyyəti icmaların, qrupların və ayrı-ayrı şəxslərin qeyri-maddi mədəni irsinə hörmətin təmin edilməsi;
(c) yerli, milli və beynəlxalq səviyyələrdə qeyri-maddi mədəni irsin əhəmiyyəti haqda məlumatlılığın artırılması və onun qarşılıqlı şəkildə qəbul edilməsinə təminat verilməsi;
(d) beynəlxalq əməkdaşlıq və yardım göstərilməsi.
“Qeyri-maddi mədəni irs” xüsusilə aşağıdakı sahələrdə aydın şəkildə üzə çıxır:
(a) qeyri-maddi mədəni irsin daşıyıcısı kimi dil də daxil olmaqla, şifahi ənənələr və ifadələr;
(b) ifaçılıq sənətləri;
(c) sosial təcrübələr, mərasimlər, bayram tədbirləri;
(d) təbiətə və kainata aid bilik və təcrübələr;
(e) ənənəvi sənətkarlığa aid bilik və təcrübələr.
Konvensiyaya qoşulan hər bir dövlət öz ərazisində olan qeyri-maddi mədəni irsin qorunmasını təmin etmək üçün zəruri tədbirlər görməlidir, icmaların, qrupların və müvafiq qeyri-hökumət təşkilatlarının iştirakı ilə öz ərazisində olan qeyri-maddi mədəni irsin müxtəlif elementlərini eyniləşdirməli və müəyyən etməlidir.
Qoruma məqsədilə eyniləşdirmənin təmin edilməsi üçün hər bir İştirakçı Dövlət, özünün mövcud vəziyyəti nəzərə alınmaqla, öz ərazisində olan qeyri-maddi mədəni irsin bir və ya bir neçə siyahısını tərtib edir.